Bakının Qaradağ rayonunda sürücüləri hərəkət məhdudiyyəti gözləyir. Müşfiqabad qəsəbəsində aparılacaq təmir işləri ilə əlaqədar yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılacaq.
Xəbəraxını xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, oktyabrın 21-də saat 08:00-dan etibarən Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılacaq.
Təmir müddətində qeyd olunan ərazidə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
AAYDA sürücülərə yollarda sıxlığın yaranmaması üçün əvvəlcədən alternativ marşrutlardan istifadə etməyi, hərəkət zamanı diqqətli olmağı və təmir işlərinə anlayışla yanaşmağı tövsiyə edib.
Təmir işlərinin nə vaxt başa çatacağı barədə məlumat açıqlanmayıb.
