Sabirabad rayonunda aliment borcunu qəsdən ödəməyən şəxs növbəti dəfə azadlıqdan məhrum edilib.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyad şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum olunub.
Araşdırma zamanı məlum olub ki, Əhməd 2008-ci ildə Zülfiyyə adlı qadınla ailə həyatı qurub. Cütlüyün iki övladı dünyaya gəlib. Sonradan tərəflər boşanıblar.
Bundan sonra qadın aliment tələbi ilə məhkəməyə müraciət edib və Əhmədin 9668 manat aliment borcu yaranıb. Lakin o, ilk aydan etibarən aliment ödənişlərini həyata keçirməkdən imtina edib.
Bununla əlaqədar 2021-ci ildə Əhməd barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə o, 1 il müddətinə həbs edilib və 2022-ci ildə cəzasını başa vuraraq azadlığa çıxıb.
Azadlığa buraxıldıqdan sonra da icra məmuru tərəfindən aliment borcunu ödəməsi ilə bağlı Əhmədə dəfələrlə xəbərdarlıq edilib. Lakin o, ödəniş etməkdən yayınmağa davam edib. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən əvvəlcə 10 gün, daha sonra isə 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Bütün bunlara baxmayaraq, Əhmədin aliment borcunu ödəməkdən qəsdən imtina etdiyi bildirilib.
Bu səbəbdən onun barəsində yenidən Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanıb və materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə Əhməd borcun 4 min manatını ödəmək imkanında olduğunu bildirib. Keçmiş həyat yoldaşı isə yaranmış aliment borcunun tam şəkildə ödənilməsini tələb edib.
Məhkəmənin hökmü ilə Əhməd 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
