ABŞ-da 207 ildən sonra qadının edamı olacaq

ABŞ-da 207 ildən sonra qadının edamı olacaq

ABŞ-ın Tennessi ştatında 1819-cu ildən bəri ilk dəfə qadının edam edilməsi planlaşdırılır. Söhbət 1995-ci ildə 19 yaşlı Kollin Slemmeri öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilən Krista Paykdan gedir. Onun edamının sentyabrın sonunda həyata keçirilməsi nəzərdə tutulur.

Paykın işi ABŞ-da ölüm hökmü ilə bağlı hüquq müdafiəçiləri və hüquq ekspertlərinin diqqətini çəkib. Müdafiə tərəfi məhkəmə prosesində və hökmün çıxarılmasında bir sıra problemlərin olduğunu iddia edir.

Cinayət 1995-ci ildə, Paykın 18 yaşı olduğu vaxt baş verib. İstintaqın məlumatına görə, Payk digər şəxslərlə birlikdə Slemmeri meşəlik əraziyə aparıb. Burada gənc qadın təxminən yarım saat ərzində döyülüb və ona çoxsaylı bıçaq xəsarətləri yetirilib.

İddialara görə, Payk daha sonra qurbanın kəllə sümüyündən bir parçanı özü ilə saxlayıb.

Paykın vəkilləri Tennessi qubernatoru Bill Liyə müraciət edərək ölüm hökmünün ömürlük həbs cəzası ilə əvəzlənməsini istəyiblər.

Müdafiə tərəfi əsas arqumentlərindən biri kimi Paykın ağır uşaqlıq keçirməsini göstərir. Vəkillərin sözlərinə görə, o, uşaqlıq illərində fiziki və cinsi zorakılığa məruz qalıb və psixi pozuntu diaqnozu alıb.

Psixoloqlar isə bildirirlər ki, cinayət törədilərkən Paykın cəmi 18 yaşı olub və onun beyin inkişafı hələ tam başa çatmayıb. Uşaqlıq dövründə yaşadığı travmaların da onun psixoloji vəziyyətinə ciddi təsir göstərdiyi vurğulanır.

Hüquqşünaslar həmçinin ilkin məhkəmə prosesində prosedur pozuntularının olduğunu iddia edirlər. Onların sözlərinə görə, Paykın o zamankı vəkili hökmün yüngülləşdirilməsinə səbəb ola biləcək halları məhkəməyə lazımi səviyyədə təqdim etməyib.

Payk edam şəraiti ilə bağlı da etirazlarını bildirib. O qeyd edir ki, hökmün kişilər üçün nəzərdə tutulmuş həbsxanada və kişi əməkdaşlar tərəfindən icra edilməsi uşaqlıqda yaşadığı zorakılıqlar səbəbindən ona əlavə psixoloji iztirab yarada bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir