Azərbaycanda taksi qiymətləri bahalaşır?

Azərbaycanda taksi qiymətləri bahalaşır?

Son günlər Azərbaycanda, xüsusilə Bakıda taksi xidmətlərindən istifadə edən sərnişinlər qiymətlərin əvvəlki günlərlə müqayisədə artdığını bildirirlər. Eyni məsafəyə görə daha yüksək ödəniş tələb olunması sual doğurub.

“Bolt” şirkətindən bildirilib ki, platformada gedişhaqqı sabit deyil və dinamik şəkildə müəyyənləşdirilir. Sifariş zamanı tələbat və təklifin nisbəti, yollardakı hərəkətlilik, marşrutun uzunluğu, səfərin müddəti və sürücülərin əlçatanlığı nəzərə alınır.

Şirkətin məlumatına görə, yağış, güclü külək və soyuq hava zamanı taksiyə tələbat arta, eyni zamanda yollarda aktiv sürücülərin sayı azala bilər. Bu isə tələb və təklif arasındakı balansın dəyişməsi nəticəsində qiymətlərin müvəqqəti yüksəlməsinə səbəb ola bilər. Başqa sözlə, hava şəraiti birbaşa əlavə tarif tətbiq etmir, lakin tələbatın artmasına təsir göstərərək dinamik qiymətə təsir edə bilər.

“Bolt” əlavə edib ki, qiymətlər günün saatından, şəhərdən və seçilən xidmət kateqoriyasından da asılıdır. Tələbat azaldıqda qiymətlər əvvəlki səviyyəyə qayıdır.

“Yango” şirkətində də qiymətlərin avtomatlaşdırılmış alqoritmlə formalaşdırıldığı bildirilib. Yekun məbləğ sifariş zamanı boş avtomobillərin sayı ilə mövcud sifarişlərin nisbəti, yollardakı sıxlıq, hava şəraiti və təyinat yerinin xüsusiyyətlərinə əsasən müəyyən olunur.

Şirkətdən qeyd edilib ki, müəyyən ərazidə sifarişlərin sayı boş avtomobillərin sayını əhəmiyyətli dərəcədə üstələdikdə sistem sürücüləri həmin istiqamətə yönəltmək üçün qiymət mexanizmini tənzimləyir. Yollarda hərəkətlilik azaldıqda və tələb-təklif balansı bərpa olunduqda isə gedişhaqqı yenidən adi səviyyəyə düşür.

Beləliklə, son günlər müşahidə olunan qiymət artımı daimi tarif dəyişikliyi deyil, əsasən dinamik qiymətləndirməyə təsir edən tələb-təklif balansı ilə əlaqələndirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir