2027-ci ildə minimum əməkhaqqı 10 faiz arta bilər – Yeni sosial proqram gözləntisi

2027-ci ildə minimum əməkhaqqı 10 faiz arta bilər – Yeni sosial proqram gözləntisi

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında gələn il minimum əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılacağını açıqlaması 2027-ci ildə yeni sosial proqramın həyata keçiriləcəyi gözləntilərini artırıb.

“Xəbəraxını” “Qafqazinfo”ya istinadən xəbər verir ki, gözləntilər arasında minimum aylıq əməkhaqqının hansı məbləğə yüksəldiləcəyi xüsusi maraq doğurur. Bu göstərici ölkədə əməkhaqqının minimum həddini müəyyən etməklə yanaşı, bir sıra sahələrdə ödənişlərin məbləğinə də təsir göstərir.

Minimum aylıq əməkhaqqı sonuncu dəfə 2025-ci ilin əvvəlində artırılaraq 400 manata çatdırılıb. Həmin il orta illik inflyasiya 5,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə orta illik inflyasiya 5,7 faiz olub. İlin yekununda bu göstəricinin 6 faizi keçə biləcəyi ehtimal edilir.

Bununla yanaşı, 2025-ci ildə orta aylıq əməkhaqqı 9,3 faiz artıb. 2026-cı ilin ilk yeddi ayında isə bu göstəricidə 7,2 faizlik artım qeydə alınıb.

Minimum əməkhaqqının sonuncu dəfə artırılmasından sonra ölkədə inflyasiya və orta aylıq əməkhaqqı göstəricilərində baş verən dəyişikliklər 2027-ci ildə minimum əməkhaqqının ən azı 10 faiz artırıla biləcəyi ilə bağlı ehtimallara əsas verir.

Qanunvericiliyə əsasən, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını tam yerinə yetirən və əmək funksiyasını icra edən işçinin əməkhaqqı müəyyən edilmiş minimum məbləğdən aşağı ola bilməz.

Bu baxımdan minimum əməkhaqqının artırılması hazırda bu məbləğdə maaş alan şəxslərin gəlirlərinə birbaşa təsir göstərəcək.

Minimum əməkhaqqının yüksəldilməsi Vahid Tarif Cədvəli (VTC) üzrə əməkhaqqı alan işçilərin maaşlarına da təsir edir. Cədvəldə ən aşağı əməkhaqqı birinci dərəcə üzrə müəyyən edilir və bu məbləğ minimum əməkhaqqına bərabərdir.

VTC əsasında əməkhaqqı alanlar arasında dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal və digər sahələrdə çalışanlar yer alır.

Minimum əməkhaqqının dəyişməsi yalnız əməkhaqqı ödənişlərinə təsir etməklə məhdudlaşmır. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən şəxslərin məcburi dövlət sosial sığorta haqları da minimum əməkhaqqı göstəricisinə əsasən müəyyən edilir.

Bundan başqa, vergi uçotunda olan fiziki şəxslərin aylıq icbari tibbi sığorta haqları da minimum əməkhaqqı ilə əlaqələndirilir. Bu səbəbdən minimum əməkhaqqının artırılması həmin ödənişlərin məbləğinə də təsir göstərə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir