Ukrayna qüvvələri Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən hərbi aerodroma hava zərbələri endirib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalında paylaşdığı məlumata görə, hücum nəticəsində bir An-12, iki An-26 təyyarəsi və üç helikopter məhv edilib.
Zelenski müharibənin nəticələrini Rusiyaya hər gün hiss etdirən Ukrayna hərbçilərinə təşəkkür edib.
O bildirib ki, gecə saatlarında Ukrayna ordusunun birgə əməliyyatı nəticəsində Yaroslavl Neft Emalı Zavoduna da zərbə endirilib. Prezident əlavə edib ki, Təhlükəsizlik Xidməti tərəfindən Rostovdakı hərbi aerodroma endirilən zərbə nəticəsində An-12, iki An-26 təyyarəsi və üç helikopterin məhv edilməsi təsdiqlənib.
Zelenski Qara dənizdə də yaxşı nəticələrin əldə olunduğunu qeyd edib, lakin bununla bağlı əlavə məlumat açıqlamayıb.
“Biz hər gün təcavüzə cavab veririk. Rusiya sülhü seçməlidir”, – deyə Ukrayna Prezidenti bildirib.
