Xankəndidə dövlət qurumunda çalışan 24 yaşlı şəxsin üzərindən narkotik vasitə aşkarlanıb. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.
Xəbəraxını xəbər verir ki, bu barədə Oxu.Az Lent.az-a istinadən məlumat yayıb.
Məlumata görə, Sahib Rzayev (şərti ad) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı şəxsi istifadə üçün saxladığı bir büküm marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı onun barəsində müvafiq maddə üzrə inzibati protokol tərtib edilib.
S.Rzayev ifadəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışdığını bildirib. O, bir neçə tanışı ilə yaşayış evlərindən birinin həyətində narkotik vasitə istifadə etdiyini, daha sonra polis tərəfindən saxlanıldığını deyib.
Şəxs əməlini etiraf edərək peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
