Xankəndi şəhər İncəsənət Məktəbinin Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət təhsili müəssisəsi kimi hüquqi statusu rəsmiləşdirilib.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə Mədəniyyət Nazirliyinin tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib. Dəyişikliklə yanaşı, Füzuli şəhərində fəaliyyət göstərən Kurmanqazı adına İncəsənət Məktəbinin də hüquqi statusu rəsmiləşdirilib.
Xankəndi İncəsənət Məktəbinin fəaliyyətə başlaması işğaldan azad edilmiş ərazilərdə təhsil və mədəniyyət infrastrukturunun bərpası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində nəzərdə tutulub.
Məktəbdə ilkin mərhələdə 100-dək şagirdin təhsil alması planlaşdırılır. Növbəti mərhələlərdə isə şagird sayının ən azı üç dəfə artırılması nəzərdə tutulur. Tədrisin əsas istiqamətlərindən biri musiqi olacaq, tələbatdan asılı olaraq incəsənətin digər sahələri də tədris proqramına daxil ediləcək.
İşğaldan azad edilmiş ərazilərdə incəsənət təhsilinə tələbatın müəyyənləşdirilməsi üçün MyCulture vahid şəxsi kabinetində elektron müraciət bölməsi yaradılıb. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl və Zəngilan üzrə indiyədək 300 nəfər qeydiyyatdan keçib.
Müraciətlər ərazilər və ixtisaslar üzrə təhlil olunacaq və əldə edilən məlumatlar tədrisin təşkili, ixtisasların müəyyənləşdirilməsi və müəllim təminatı zamanı nəzərə alınacaq.
Yeni məktəbin yaradılması Xankəndidə uşaqların və gənclərin incəsənət təhsilinə çıxış imkanlarının genişləndirilməsinə və bölgənin mədəni ənənələrinin gələcək nəsillərə ötürülməsinə şərait yaradacaq.
