Bakının Xətai rayonunda yerləşən Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə ucaldılıb. Abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli monumental və xatirə abidəsi kimi dövlət mühafizəsinə götürülüb.
Xəbəraxını xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət mühafizəsində olan abidələrin üzərində onların tarixi, bədii və memarlıq xüsusiyyətlərinə aid olmayan əlavə yazı, element və ya hər hansı müdaxiləyə yol verilmir.
Qeyd olunub ki, bu cür müdaxilələr abidənin bədii-estetik görünüşünə xələl gətirməklə yanaşı, onun mahiyyətinin, tarixi və mədəni əhəmiyyətinin təhrif olunmasına səbəb ola bilər.
Hazırda heykəlin postamentindəki lövhədə yer alan yazının əlavə edilməsi məsələsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırılır.
Məsələ həmçinin müvafiq yerli icra hakimiyyəti orqanları ilə birgə, eləcə də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təsviri və dekorativ-tətbiqi sənət əsərləri üzrə Ekspert Komissiyası çərçivəsində ətraflı şəkildə nəzərdən keçiriləcək.
Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilib.
Qeyd edək ki, Xətainin heykəlinin üzərindəki lövhədə kiçik hərflərlə “Nəvəm İsmayıl Atakuşevə həsr olunur – İbrahim Zeynalov” sözləri yazılıb. Eyni məzmunlu yazı rus dilində də yer alır.
