Türkiyədə universitet öz süni intellekt platformasını yaradıb

Türkiyədə universitet öz süni intellekt platformasını yaradıb

Türkiyənin Ərzurum şəhərində fəaliyyət göstərən Atatürk Universiteti akademik və inzibati proseslərdə istifadə üçün “AtaZeka” adlı süni intellekt platformasını istifadəyə verib.

Yeni sistem generativ süni intellekt texnologiyalarından yararlanmaqla yanaşı, universitetə aid məlumatların təhlükəsizliyinin qorunmasına imkan yaradır.

Platformanın fəaliyyətini təmin etmək üçün universitetdə təxminən 1500 kvadratmetr sahəyə malik məlumat mərkəzi yaradılıb. Mərkəz 10 min server tutumuna malikdir və yerli süni intellekt modellərinin hazırlanması və tətbiqi üçün nəzərdə tutulub. İnfrastruktur yüksək hesablama gücünə malik CPU əsaslı serverlər üzərində qurulub və gələcəkdə genişləndirilməsi planlaşdırılır.

“AtaZeka” istifadəçilərə sualları cavablandırmaq, sənəd və mətnlər hazırlamaq, həmçinin görüntülər yaratmaq imkanı verir. Sistemə daxil edilən sorğular və yüklənən sənədlər universitetin öz infrastrukturunda saxlanılır və kampusdan kənara ötürülmür.

Universitet süni intellekt üzrə ixtisaslı mütəxəssislərin hazırlanması üçün yeni akademik bölmələr və mikroixtisas proqramları yaratmağı da planlaşdırır. Qısamüddətli təlim proqramlarının sayının 2026-cı ilin sonuna qədər 100-ə, 2027-ci ilin sentyabrınadək isə 1000-ə çatdırılması hədəflənir.

Bununla yanaşı, generativ süni intellektin təhsil prosesində tətbiqi üzrə yol xəritəsinin hazırlanması məqsədilə 27 müəllim, 2 inzibati əməkdaş və bakalavriat-magistratura pillələrindən 8 tələbənin daxil olduğu komitə yaradılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir