Türkiyə meşə yanğınları ilə mübarizədə istifadə olunmaq üçün dünyada ilk olduğu bildirilən suatan pilotsuz uçuş aparatı (PUA) hazırlayır.
Xəbəraxını xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı “Hürriyet” nəşrinə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, meşə yanğınlarının aşkarlanmasında süni intellekt və dronlardan istifadə olunur. Hazırda isə müdafiə sənayesi ilə birlikdə yanğınlara birbaşa müdaxilə edə biləcək yeni PUA-ların hazırlanması istiqamətində iş aparılır.
İ.Yumaklının sözlərinə görə, mövcud texnologiyalar əsasən düzənlik və əlçatan ərazilərdə tətbiq oluna bilir. Lakin meşə yanğınları çox vaxt mürəkkəb relyefli və çatılması çətin bölgələrdə baş verir.
Yeni PUA-ların məhz belə ərazilərdə istifadə edilməsi nəzərdə tutulur. Nazir layihənin həm Türkiyə, həm də dünya üçün iqtisadi fayda verə biləcək yeni texnologiyanın yaradılmasına imkan yaradacağını bildirib.
