Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid etdi

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid etdi

ABŞ Prezidenti Donald Tramp konservativ çoxluğun formalaşmasında şəxsən rol oynadığı Ali Məhkəmənin son qərarlarını sərt şəkildə tənqid edib.

Dövlət başçısı bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp Ali Məhkəmənin onun poçt vasitəsilə səsvermə ilə bağlı sərəncamını ləğv edən qərarına münasibət bildirib. O, 2026-cı il ərzində prezident sərəncamlarının ləğvi ilə nəticələnən qərarlara görə hakimləri tənqid edib.

ABŞ lideri daha əvvəl özünün namizəd göstərdiyi üç Ali Məhkəmə hakiminin hazırda Demokratların nəzarətində olduğunu bildirib. Tramp həmin hakimlərin adlarını açıqlamayıb.

“Bunlar ABŞ Ali Məhkəməsinə namizədləri seçərkən şəxsən söhbət etdiyim insanlar deyil. Onlar özlərinin yalnız kölgəsidir. Bu, şok dərəcədə pis qərarları səbəbindən ABŞ-a trilyonlarla dollara başa gələn bir məhkəmədir. Qərarların miqyası o qədər böyükdür ki, ölkəmizin bərpası və yaralarının sağalması asan olmayacaq”, – deyə Tramp yazıb.

O, Ali Məhkəmənin ABŞ tarixində “ən dağıdıcı, ağrılı və zərərli qərarlardan bəzilərini çıxarmış məhkəmə” kimi tarixə düşəcəyini qeyd edib.

“Bu Ali Məhkəməni tənqid etmək mənim üçün asan deyil. Yəqin ki, bu tənqid yaxın illərdə mənə baha başa gələcək. Lakin sevdiyimiz Amerika naminə bunu etmək mənim prezident kimi öhdəliyim və borcumdur!” – ABŞ Prezidenti əlavə edib.

Tramp həmçinin Ali Məhkəməni onun “doğuş turizmi” ilə bağlı sərəncamını, eləcə də gömrük tariflərinin sərtləşdirilməsi ilə bağlı qərarlarını ləğv etdiyinə görə tənqid edib.

“Bəzi hakimlər bu dəli və pis niyyətli demokratlardan dəhşətə gəlirlər və Amerikamızı xilas etmək üçün zəruri olan cəsarəti göstərməkdən tamamilə acizdirlər”, – deyə Tramp bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir