Şəmkir rayonunun Zəyəm qəsəbəsində baş verən qətlin bəzi təfərrüatları üzə çıxıb. Məlum olub ki, hadisədən iki gün əvvəl tərəflər arasında salam verməmək üstündə mübahisə yaşanıb.
Xəbəraxını xəbər verir ki, “Oxu.Az”ın məlumatına görə, 1959-cu il təvəllüdlü Azad Mahmudov yaşadığı evdə mübahisə zamanı bıçaqlanıb. Xəstəxanaya çatdırılan kişinin həyatını xilas etmək mümkün olmayıb.
Qətli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Sadıx İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qəsəbə sakinlərinin sözlərinə görə, hər iki şəxs sakit təbiətli olub və kənd təsərrüfatı ilə məşğul olublar. Hadisədən iki gün əvvəl onların arasında salam verməmək səbəbindən mübahisə yaranıb.
Daha sonra Sadıx İsmayılovun qardaşı və bir neçə nəfər tərəfləri barışdırmaq məqsədilə Azad Mahmudovun evinə gəlib. Lakin burada yenidən mübahisə baş verib və nəticədə Mahmudov bıçaqlanaraq öldürülüb. Hadisə zamanı onun oğlu da evdə olub.
Məlumata görə, mərhumun həyat yoldaşı həmin vaxt Rusiyada yaşayan qızının ailəsinin yanında olub.
Qeyd edək ki, Azad Mahmudov uzun illər əvvəl stomatoloq kimi çalışıb. Daha sonra işləmək məqsədilə Rusiyaya gedib və bir müddət orada yaşayıb. Təxminən 10 il əvvəl Azərbaycana qayıdaraq Zəyəm qəsəbəsində kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
