“SOCGOV 2026” forumu Xankəndidə keçiriləcək

“SOCGOV 2026” forumu Xankəndidə keçiriləcək

Sosial xidmətlərin rəqəmsallaşdırılması və süni intellektin bu sahəyə inteqrasiyası məqsədi daşıyan “SOCGOV” təşəbbüsü beynəlxalq sosial idarəetmə platformasına çevrilir.

Xəbəraxını.com “Azərtac” – a istinadən xəbər verir ki, platformanın əsas məqsədi rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə sosial xidmətlərin daha əlçatan, çevik və şəffaf təşkilinə nail olmaqdır.

Azərbaycanda sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm işlər görülüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 152 xidmətinin 90 faizi elektronlaşdırılıb, 55 proaktiv xidmət istifadəyə verilib. Nazirliyin elektron sistemləri 80-ə yaxın qurumun informasiya bazaları ilə inteqrasiya olunub. Sosial xidmətlərdə süni intellekt imkanlarının tətbiqi üzrə də işlər aparılır.

DOST Agentliyinin təşəbbüsü olan “SOCGOV” ilk dəfə 2025-ci ilin oktyabrında Bakıda keçirilib. “Süni intellekt insan və transformasiya üçün” mövzusunda keçirilən tədbirdə 10-dan çox ölkədən dövlət nümayəndələri, beynəlxalq təşkilatlar, alimlər və özəl sektorun təmsilçiləri iştirak edib. Tədbirin beşillik inkişaf strategiyası çərçivəsində hər il keçirilməsi nəzərdə tutulub.

Strategiyanın növbəti mərhələsi olan “SOCGOV 2026” forumu oktyabrın 23-də Xankəndidə keçiriləcək. Forumun əsas mövzusu “Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” olacaq.

Tədbirdə rəqəmsal analitika, süni intellektin sosial xidmətlərdə tətbiqi, etik idarəetmə və məlumatlara əsaslanan qərarvermə məsələləri müzakirə ediləcək. Forum çərçivəsində yüksək səviyyəli panellər, TEDx formatında debatlar və tematik işçi qruplarının keçirilməsi planlaşdırılır.

“SOCGOV 2026” çərçivəsində ilk dəfə “AI4DOST Social Award” beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Müsabiqədə sosial sahədə süni intellekt həlləri hazırlayan startaplar, sosial təşəbbüslər və elmi tədqiqatlar iştirak edə biləcək. Həmçinin gənc sosial innovator, sosial transformasiya lideri və sosial sahəyə töhfə verən şəxslərə fərdi mükafatların təqdim edilməsi nəzərdə tutulur.

Forumun Beynəlxalq Sosial Təminat Assosiasiyasının rəsmi təqvimində yer alması onun beynəlxalq əhatəsinin genişləndiyini göstərir. Xankəndinin forum üçün məkan kimi seçilməsi isə işğaldan azad edilmiş ərazilərdə formalaşan yeni həyat və “Ağıllı şəhər” konsepsiyasının təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir