Sumqayıtda bir kişi evlənmək vədi ilə etibarını qazandığı sevgilisini aldadaraq ondan ümumilikdə 96 min manat alıb. Müxtəlif bəhanələrlə qadından pul, avtomobil, bahalı telefon və kompüter əldə edən şəxs məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Xəbəraxını Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.
Məlumata görə, 1993-cü il təvəllüdlü Həsən Qarayev (soyad şərtidir – red.) şəhərdəki marketlərdən birində işləyərkən müştəri kimi gələn qadınla tanış olub. Qadının orta məktəblərdən birində müəllimə işlədiyini və boşandığını öyrənən Həsən onunla münasibət qurub. İlk vaxtlar evlənəcəyini deyərək qadının etibarını qazanıb.
Bir müddət sonra isə münasibətlərdə nəzarətçi davranış sərgiləməyə başlayıb. Qadın onunla razılaşdırmadan heç yerə getməyib, planlarını əvvəlcədən Həsənlə müzakirə edib.
Avtomobil, telefon və kompüter aldırdı
Daha sonra Həsən qadına ərzaq şirkətlərindən birində bölgə müdiri vəzifəsinə təyin olunduğunu və iş üçün avtomobilə ehtiyac duyduğunu bildirib. Ona inanan qadın avtomobil almaq məqsədilə öz adına kredit götürüb.
Bununla kifayətlənməyən Həsən sevgilisindən “iPhone” markalı telefon və bahalı kompüter də almasını istəyib. Qadın bu istəkləri də yerinə yetirib.
Sonrakı mərhələdə Həsən işlədiyi mağazada 11 min manatın itdiyini iddia edərək həmin məbləği ödəməsə, həbs olunacağını deyib. Onun həbs edilməməsi üçün narahat olan qadın yenidən bankdan kredit götürüb. Həsən borcları ödəyəcəyinə söz versə də, vədinə əməl etməyib.
İstintaq materiallarına əsasən, o, müxtəlif vaxtlarda sevgilisini aldadaraq ümumilikdə 96 min manat əldə edib və pulu geri qaytarmayıb. Sonuncu dəfə isə qadının evində saxlanılan 8 min manatı da götürərək yoxa çıxıb.
Dələduzluq ailədə xəstəlik zamanı üzə çıxdı
Hadisə qadının anası ağır xəstələndikdən və müalicə üçün pula ehtiyac yarandıqdan sonra üzə çıxıb. Yaxınları xəstənin evdə 8 min manat olduğunu deməsi əsasında həmin pulu götürmək istəyiblər. Lakin qadında pulun olmadığı məlum olub və onun aldadıldığı üzə çıxıb.
Qadının qohumları polisə müraciət ediblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Həsən Qarayev saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
İstintaq başa çatdıqdan sonra cinayət işi məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə H.Qarayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
