Turizm fəaliyyəti adı altında vətəndaşların pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Orxan Hüseynli saxlanılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılan O.Hüseynli rəhbərlik etdiyi “Renaissance Travel” şirkətinin sosial şəbəkə hesablarında xarici ölkələrə sərfəli şərtlərlə tur paketləri təklif edib.
İstintaqın ilkin məlumatlarına əsasən, o, şirkətə müraciət edən çoxsaylı şəxslərin etibarından sui-istifadə edərək xarici ölkələrə turist səfərləri təşkil edəcəyinə dair vədlər verib. Daha sonra qanunsuz hazırlanmış saxta aviabiletlərdən istifadə etməklə vətəndaşlardan müxtəlif məbləğlərdə pul aldığı bildirilir.
Faktla bağlı cinayət işi başlanılıb. Orxan Hüseynli Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Bundan başqa, sosial şəbəkələrdə “Renaissance Travel” şirkətinin ictimai fəal İlkin Rüstəmzadəyə məxsus olması ilə bağlı yayılan məlumatlar da araşdırılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, aparılan araşdırma zamanı bu iddialar təsdiqini tapmayıb.
