Cənubi Sudanın Varap ştatında hərbi bazaya silahlı hücum nəticəsində 20 nəfər həyatını itirib.
Məlumata görə, ölənlərin 16-sı hərbçi və polis əməkdaşı, 4-ü isə mülki şəxsdir. Hücum edənlərdən 6 nəfərin də öldürüldüyü bildirilir.
Varap ştatında yerli qruplar arasında qarşıdurmalar tez-tez baş verir. Toqquşmalar əsasən qisas və otlaq sahələri uğrunda mübahisələr zəminində meydana çıxır. Avqust ayında da bölgədə analoji insidentlər qeydə alınıb. Son hücumun motivi isə hələlik məlum deyil.
Bununla yanaşı, cümə günü Varap ştatında uzunmüddətli və “misli görünməmiş” quraqlıq səbəbindən fövqəladə vəziyyət elan edilib.
Regional informasiya naziri bildirib ki, yağıntıların azalması əkin sahələrinə, mal-qaraya və otlaqlara ciddi ziyan vurub. Şərqi Afrikanın bəzi ərazilərində “El-Ninyo” iqlim hadisəsi ilə əlaqədar qarşıdakı həftələrdə təbii fəlakət riskinin artacağı gözlənilir.
Cənubi Sudan hazırda beynəlxalq humanitar yardımların azalması fonunda ciddi sosial və humanitar problemlərlə üz-üzədir.
