Oktyabrın 22-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bakıda havanın əsasən yağmursuz keçəcəyi, bəzi bölgələrdə isə yağış yağacağı proqnozlaşdırılır.
Xəbəraxını xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, paytaxtda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Bakıda havanın temperaturunun gecə 16-18°, gündüz 22-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% olacaq.
Ölkənin əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı ehtimal edilir. Bəzi yerlərdə leysan xarakterli intensiv yağıntı, şimşək və dolu gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağması, gecə və səhər saatlarında isə duman müşahidə olunması mümkündür.
Rayonlarda havanın temperaturu gecə 16-19°, gündüz 25-28° isti, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-16° isti olacaq.
