Rusiyada siçan qızdırması həyəcanı: 1500-dən çox yoluxma təsdiqlənib

Rusiyada siçan qızdırması həyəcanı: 1500-dən çox yoluxma təsdiqlənib

Rusiyanın bir sıra bölgələrində siçan qızdırmasına yoluxma hallarında artım qeydə alınıb. Son məlumatlara əsasən, xəstəlik səbəbindən 1500-dən çox şəxs tibbi yardıma müraciət edib.

Xəbəraxını xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, Nijni Novqorod və Saratov vilayətləri ilə yanaşı, Tatarıstan, Başqırdıstan və Udmurtiyada ümumilikdə 1512 nəfərdə yoluxma təsdiqlənib.

Payızda yoluxma riski niyə artır?

Mütəxəssislər bildirirlər ki, siçan qızdırmasına yoluxma halları əsasən payız aylarında çoxalır. Soyuq havaların yaxınlaşması ilə gəmiricilər isti yer axtararaq çöllərdən yaşayış evlərinə üz tuturlar. Bu səbəbdən həm bağ evlərində, həm də şəhər ərazilərində təmizlik işləri zamanı yoluxma riski yarana bilər.

Xüsusilə xəzəllərin yığılması və gəmiricilərin olduğu yerlərin təmizlənməsi zamanı onların ifrazatları ilə təmas təhlükə yaradır.

Virus insan orqanizminə hava vasitəsilə və ya birbaşa təmas nəticəsində daxil ola bilər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, baş, qarın və bel ağrıları, eləcə də əzələ ağrılarıdır. Bəzi hallarda üz və bədənin yuxarı hissəsində qızartılar da müşahidə olunur.

Həkimlər yoluxma riskini azaltmaq üçün əraziləri təmizləyərkən qoruyucu maskalardan istifadə etməyi, gəmiricilərə və onların yuvalarına, eləcə də ifrazatlarına çılpaq əllə toxunmamağı tövsiyə edirlər. Təmizlikdən sonra əllərin diqqətlə yuyulması və dezinfeksiya edilməsi də vacibdir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir