Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi təqdim edən Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar irəli sürüb.
Qadın övladının adına olan “Instagram” hesabında ailədaxili zorakılığı əks etdirdiyini iddia etdiyi görüntülər paylaşıb. Videoda cütlük arasında əvvəlcə mübahisə yaşandığı, daha sonra kişinin arxa oturacaqda olan qadına qarşı fiziki zorakılıq göstərdiyi görünür. Görüntülərdə həmin vaxt azyaşlı uşağın da anasının qucağında olduğu bildirilir.
Paylaşımın sosial şəbəkələrdə yayılmasından sonra məsələ geniş müzakirələrə səbəb olub. 3,5 milyon izləyicisi olan və azyaşlılara rəqs dərsləri keçdiyini bildirən Nicat Azadlı ilə bağlı görüntülər valideynlərin də diqqətini çəkib.
Qadın iddia edib ki, ikinci hamiləliyi zamanı da həyat yoldaşının zorakılığına məruz qalıb və nəticədə uşağını itirib. O, uzun müddət fiziki və psixoloji zorakılığa məruz qaldığını, oğlunun gözü qarşısında döyüldüyünü və ərinin ailə üzvləri tərəfindən də təhqir edildiyini bildirib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarına sübutlarla müraciət etdikdən sonra qarşı tərəf 1500 manat cərimələnib. Qadın həmçinin ərinin onun dırnağını çıxardığını iddia edib və bununla bağlı fotolar paylaşıb.
Nicat Azadlı isə səsləndirilən ittihamları təkzib edib. O, “Qafqazinfo”ya açıqlamasında ailə daxilində problemlərin olduğunu, lakin tərəflərin artıq bir ilə yaxındır boşandığını bildirib.
Azadlı uşağın ölümü ilə bağlı iddiaları əsassız adlandırıb və belə bir hadisənin baş vermədiyini deyib. O, yayılan görüntülərin müəyyən hissələrinin kəsildiyini və videonun kontekstdən çıxarıldığını iddia edib.
Rəqs müəllimi həmçinin keçmiş həyat yoldaşının ondan pul tələb etdiyini və paylaşım etməklə hədələdiyini bildirib. Onun sözlərinə görə, bu məqsədlə 1700 manat pul verib, daha sonra isə 5 min manat tələb olunub. Tələbi yerinə yetirmədikdən sonra qadının sözügedən məlumatları paylaşdığını iddia edib.
Nicat Azadlı məsələ ilə bağlı polisə müraciət edəcəyini açıqlayıb.

