Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarının açılış mərasiminə biletlərin satışı adı ilə fırıldaqçılıq edildiyi müəyyənləşdirilib.
Məlumata görə, Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları İssık-Kul Regional Daxili İşlər Şöbəsinin əməkdaşları ilə birgə Çolpon-Ata şəhərində iki Qırğızıstan vətəndaşını saxlayıblar.
2006-cı il təvəllüdlü M.D.S. və 2005-ci il təvəllüdlü Ş.İ.S. “Threads” sosial şəbəkəsində VI Dünya Köçəri Oyunlarının açılış mərasiminə biletlərin satılması ilə bağlı elan yerləşdiriblər.
Araşdırma zamanı məlum olub ki, elan edilən biletlər əslində satış üçün nəzərdə tutulmayıb. Şəxslər vətəndaşlardan elektron köçürmə yolu ilə pul aldıqdan sonra onlara bilet təqdim etməyiblər.
Faktla bağlı müvafiq material qeydiyyata alınıb və araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti də daxil olmaqla, bir sıra ölkələrin liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin ŞƏT+ formatında iştirak etmək üçün Bişkekə gəlməsi gözlənilir. Liderlərin VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak etməsi də planlaşdırılır.
