Qəbələdə 10 min hektar torpaq suvarılacaq: Yengicə su anbarının tikintisi davam edir

Qəbələdə 10 min hektar torpaq suvarılacaq: Yengicə su anbarının tikintisi davam edir

Qəbələ rayonunda kənd təsərrüfatı torpaqlarının su təminatını yaxşılaşdırmaq məqsədilə inşa edilən Yengicə su anbarında tikinti işləri davam etdirilir. Layihənin reallaşması nəticəsində ümumilikdə 10 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Xəbəraxını xəbər verir ki, yengicə su anbarı Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiqlənən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üzrə Tədbirlər Planı”na uyğun olaraq layihələndirilib.

Su anbarının Qəbələ rayonunun Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçayın birləşdiyi ərazidə tikilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərindəki 8 602 hektar, Bilix və Məlikli kəndlərindəki isə 1 398 hektar kənd təsərrüfatına yararlı torpağın su təminatının yaxşılaşdırılması planlaşdırılır.

Ümumilikdə 10 min hektar sahənin 3 388 hektarında mövcud su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarma imkanlarının yaradılması nəzərdə tutulur.

Su anbarının ümumi tutumu 17,5 milyon kubmetr olacaq. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449,5 metr, eni isə 10 metr təşkil edir.

Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb. Hazırda layihə üzrə işlər davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir