İnternet və rabitə xidmətləri ilə bağlı yeni tələblər: Qanun layihəsi qəbul edildi

İnternet və rabitə xidmətləri ilə bağlı yeni tələblər: Qanun layihəsi qəbul edildi

Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin daha dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Xəbəraxını, bu barədə “Yenisabah”a istinadən məlumat yayıb.

Qanun layihəsinin məqsədi telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblərin hüquqi çərçivəsini dəqiqləşdirmək və hüquqi müəyyənliyi təmin etməkdir.

Mövcud qanunun 33.1.5-ci maddəsinə əsasən, operatorlar telekommunikasiya xidmətlərini müəyyən edilmiş standartlara, normalara və qaydalara uyğun keyfiyyətlə göstərməlidirlər. Lakin qanundakı “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” kimi ümumi ifadələr icrası məcburi olan konkret tələblərin dəqiq müəyyənləşdirilməsinə imkan vermirdi.

Təklif olunan dəyişikliklə qanunvericiliyə “keyfiyyət göstəriciləri” anlayışının daxil edilməsi nəzərdə tutulur. Bu anlayış telekommunikasiya xidmətlərinin keyfiyyətini ölçmək və yoxlamaq üçün istifadə olunan konkret meyarları əhatə edəcək.

Qeyd olunur ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənən “Rabitə və yüksək texnologiyalar sahəsi üzrə xidmətlərin, o cümlədən internet xidmətlərinin keyfiyyət göstəriciləri” adlı normativ sənəd bu sahədə konkret parametrləri müəyyən edir.

Dəyişikliklərin qəbulundan sonra həmin göstəricilər telekommunikasiya operatorları və provayderləri üçün xidmət keyfiyyətinin qiymətləndirilməsində əsas meyar olmaqla yanaşı, icrası məcburi hüquqi tələblər kimi tətbiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir