Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynanın Donetsk və Zaporojye vilayətlərində bir sıra yaşayış məntəqələrinin Rusiya ordusunun nəzarətinə keçdiyini açıqlayıb.
Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Birgə Qoşunlar Qruplaşmasının köməkçi idarəetmə məntəqəsində keçirdiyi müşavirə zamanı məlumat verilib.
Gerasimovun sözlərinə görə, “Cənub” qoşun qruplaşması Donetsk vilayətindəki Alekseyevo-Drujkovka şəhərini, “Mərkəz” qoşun qruplaşması isə Dobropolye şəhərini nəzarətə götürüb. O, Dobropolyedə gizlənən Ukrayna hərbçilərinə qarşı əməliyyatın davam etdiyini bildirib.
Bundan başqa, Rusiya tərəfi Zaporojye vilayətində Novopavlovka və Novoandreyevka kəndlərinin ələ keçirildiyini açıqlayıb. Bildirilib ki, Rusiya hərbçiləri Belozerskoye şəhərinə daxil olub və burada küçə döyüşləri aparırlar. Orexov istiqamətində də hücumların davam etdiyi qeyd olunub.
Gerasimov Zaporojye ilə yanaşı, Sumı və Xarkov istiqamətlərində də Rusiya qoşunlarının irəlilədiyini iddia edib.
Vladimir Putin isə müşavirədə çıxışı zamanı ilin əvvəlindən Rusiya hərbçilərinin 6,5 min kvadratkilometr əraziyə və 310 yaşayış məntəqəsinə nəzarəti ələ keçirdiklərini bildirib. Onun sözlərinə görə, sentyabrda nəzarətə götürülən ərazilərin sahəsi əvvəlki ayla müqayisədə 2,5 dəfə çox olub.
Qeyd edək ki, bu məlumatlar Rusiya rəsmilərinin açıqlamalarına əsaslanır. Bildirilən ərazi dəyişiklikləri ilə bağlı məlumatlar müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.
