Paşinyan açıqladı: Ermənistan Rusiya ilə dəmir yolu müqaviləsini ləğv edə bilər

Paşinyan açıqladı: Ermənistan Rusiya ilə dəmir yolu müqaviləsini ləğv edə bilər

Xəbəraxını xəbər verir ki, Ermənistan hökuməti ölkənin dəmir yollarının idarə olunması ilə bağlı Rusiya ilə imzalanmış konsessiya müqaviləsinə xitam vermək üçün hüquqi imkanlara malikdir.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom”un “Ctrl Z” proqramına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, hökumətin müqavilənin ləğvi üçün həm hüquqi əsasları, həm də bununla bağlı müvafiq mexanizmləri mövcuddur. Lakin İrəvan hazırda belə bir addım atmağa hazırlaşmır.

Paşinyan bildirib ki, müqavilənin dayandırılması ilə bağlı siyasi qərar qəbul edilərsə, bunun hüquqi baxımdan qarşısında ciddi maneə yoxdur. Onun fikrincə, əsas məsələ hüquqi deyil, siyasi seçimdir.

Ermənistan hökumətinin rəhbəri Moskva ilə münasibətlərdə qarşıdurma və ultimatumlardan qaçmağa üstünlük verdiklərini vurğulayıb. O, İrəvanın məsələni daha çox əməkdaşlıq və qarşılıqlı anlaşma yolu ilə həll etmək istədiyini qeyd edib.

Söhbət 2008-ci ildə Rusiya Dəmir Yollarının törəmə qurumu olan “Cənubi Qafqaz Dəmir Yolu” şirkətinə verilmiş 30 illik konsessiyadan gedir. Mövcud razılaşmaya əsasən, şirkətin Ermənistanın dəmir yolu sistemini idarə etmək hüququ 2038-ci ilə qədər qüvvədədir.

Paşinyan daha əvvəl idarəetmənin Rusiya əvəzinə hər iki tərəf üçün məqbul olacaq üçüncü ölkəyə verilməsi variantını da gündəmə gətirib. Ermənistan tərəfinin nəzərdən keçirdiyi mümkün ölkələr arasında Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətər də var.

İrəvanın mövqeyinə görə, Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar dəmir yolu sektorunda da müəyyən risklər yaradır. Ermənistan rəhbərliyi hesab edir ki, bu amil beynəlxalq yükdaşıma şirkətlərinin və investorların ölkənin dəmir yolu infrastrukturundan istifadəyə marağına mənfi təsir göstərə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir