Noyabrın 6-dan 30-dək Leonid meteor yağışını müşahidə etmək mümkün olacaq. Astronomik hadisənin ən intensiv mərhələsinin ayın 18-də baş verəcəyi gözlənilir.
Xəbəraxını xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-ə təsadüf edəcək. Həmin vaxt saatda təxminən 15 meteorun görünəcəyi proqnozlaşdırılır.
Azərbaycanda Leonid meteor yağışını izləmək üçün ən əlverişli vaxt noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir.
Məlumata görə, maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların da görünməsi üçün nisbətən əlverişli şərait yaradacaq.
