Nepalın Çinlə sərhəd ərazilərində baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 675 nəfərə çatıb.
Nepalın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinin yaydığı məlumata görə, təbii fəlakət nəticəsində çox sayda insan itkin düşüb.
Çinin dövlət mediası isə daha əvvəl Tibetdə daşqınlar səbəbindən 7 nəfərin həyatını itirdiyini açıqlayıb. Bununla Nepal və Tibetdə təbii fəlakət nəticəsində ölənlərin ümumi sayı 682 nəfər təşkil edir.
16:32
Nepal hökumətinin açıqladığı son məlumata əsasən, ölkədə daşqınlar nəticəsində ölənlərin sayı 669 nəfərə yüksəlib. 2 426 nəfər isə itkin hesab olunur.
Bundan əvvəl 4 451 nəfərin xilas edildiyi, 101 yaralının isə xəstəxanalarda müalicə aldığı bildirilmişdi.
09:44
Səhər saatlarında yayılan məlumatda Nepalda daşqınlar nəticəsində 629 nəfərin öldüyü, 2 426 şəxsin isə itkin düşdüyü qeyd olunmuşdu. Əvvəlki göstərici 616 nəfər idi.
Nepalın maliyyə naziri Svarnim Vaqle bildirib ki, fəlakətin nəticələrinin aradan qaldırılması və bərpa işləri üçün ölkəyə 4-5 milyard dollar həcmində vəsait lazım ola bilər. Onun sözlərinə görə, dəymiş ziyanın yekun hesablanması hələ davam edir.
Xarici işlər naziri Şişir Xanal da ölkənin müxtəlif ixtisaslaşdırılmış və texniki sahələr üzrə beynəlxalq dəstəyə ehtiyac duyduğunu açıqlayıb. Buraya tunellərdə insanların xilas edilməsi, nəqliyyat və rabitə infrastrukturunun bərpası, ölənlərin kimliyinin müəyyənləşdirilməsi və DNT analizlərinin aparılması daxildir.
Nepal hökuməti beynəlxalq axtarış-xilasetmə qruplarının ölkəyə cəlb edilməməsi ilə bağlı əvvəlki qərarını da ləğv edib. Bu addımın vətəndaşları itkin düşən ölkələrin diplomatik təzyiqlərindən sonra atıldığı bildirilir.
Qeyd edək ki, güclü daşqın avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. İlkin məlumatlara görə, fəlakətə Nepal-Çin sərhədində, “Rasuvaqadi” sərhəd-keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə baş verən qaya uçqunu səbəb olub. Hadisədən sonra yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş barədə məlumat əldə etmək mümkün olmayıb.
