Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində vəfat etmiş vəziyyətdə aşkarlanıb.
Hadisə Nurtepe məhəlləsində saat 17:00 radələrində baş verib. 51 yaşlı aktyordan cümə axşamından etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də cavab ala bilməyən qadın özündə olan açarla mənzilə daxil olub.
Özlem E. aktyoru qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə görüb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu müəyyən etdikdən sonra 112 Təcili Zəng Mərkəzinə məlumat verib.
Bundan sonra hadisə yerinə polis əməkdaşları və tibbi briqada göndərilib. Həkimlər Serhat Kılıçın öldüyünü təsdiqləyiblər.
Özlem E. ifadəsində aktyorun limfa xərçəngindən müalicə aldığını və bir neçə gündür onunla əlaqə saxlaya bilmədiyini bildirib.
Hazırda Serhat Kılıçın ölümü ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, aktyor müxtəlif illərdə bir sıra məşhur televiziya seriallarında rol alıb. O, xüsusilə “Seksenler” serialında canlandırdığı Ergün Plak obrazı ilə geniş tanınıb. Kılıç “Ezel”, “Söz”, “Kuruluş Osman”, “Kirli Sepeti”, “Mehmed: Fetihler Sultanı”, “Öğretmen”, “Maraşlı” və “Kardelenler” kimi seriallarda da müxtəlif obrazları canlandırıb.
