Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi

Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin geyimi ilə bağlı tələbləri təsdiqləyib.

“Xəbəraxını”  xəbər verir ki, müvafiq qərar “Ümumi təhsil haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı Prezident Fərmanının icrası məqsədilə qəbul olunub. Sənəd məktəblərdə işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına və bu sahədə vahid yanaşmanın təmin edilməsinə xidmət edir.

Yeni tələblərə əsasən, müəllimin geyimi onun dinamik iş fəaliyyətinə mane olmamalı, şagirdlərin diqqətini yayındırmamalı və onlarda geyim, üslub, eləcə də müxtəlif situasiyalara uyğun geyim seçimi ilə bağlı düzgün münasibətin formalaşmasına imkan yaratmalıdır.

Təhsilverənlərin geyimi ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmalı, mövsümə uyğun, təmiz, səliqəli, sadə və işgüzar üslubda seçilməlidir. Pedaqoji fəaliyyətin xarakterinə və şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olmayan, eləcə də müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyim və geyim elementlərindən istifadəyə yol verilməyəcək.

Müəllimlər əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbdə, həmçinin təhsil müəssisəsini təmsil etdikləri rəsmi və təntənəli tədbirlərdə bu tələblərə əməl etməlidirlər.

Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı isə Pedaqoji Şuranın qərarı əsasında milli geyimlərdən və ya onların elementlərindən istifadə edilə bilər.

Qeyd edək ki, yeni qaydalar müəllimlər üçün vahid məktəbli forması tətbiq edilməsini nəzərdə tutmur. Burada söhbət təhsilverənlərin geyim üslubuna dair dress-kod tələblərindən gedir.

Təhsil ekspertlərinin fikrincə, müəllimlərin işgüzar üsluba uyğun geyinməsi məktəbdə təşkilati və pedaqoji mühitin formalaşmasına, həmçinin təhsil müəssisəsinin ümumi idarəetmə və korporativ mədəniyyətinə müsbət təsir göstərə bilər.

Ekspertlər hesab edirlər ki, şagirdlər üçün məktəbli forması tətbiq olunduğu halda, müəllimlər üçün dress-kod yanaşmasının müəyyənləşdirilməsi də məktəbin ümumi peşəkar imicinin bir hissəsi kimi qiymətləndirilə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir