Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” sistemi ilə bağlı vətəndaşları aldadaraq pul alan iki nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 33 yaşlı Günay Lətifova və 43 yaşlı Şükufə Mirzəyeva müəyyən edilərək tutulublar.
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxslər müxtəlif süni intellekt proqramlarından istifadə edərək vətəndaşlarda güzəştli mənzilləri növbədənkənar əldə etməyə kömək edə biləcəkləri barədə yanlış təsəvvür yaradıblar. Daha sonra MİDA-nın adından saxta elektron alqı-satqı və ipoteka müqavilələri hazırlayaraq həmin sənədləri vətəndaşlara təqdim ediblər.
Saxta sənədlərin hazırlanması və təqdim edilməsi müqabilində vətəndaşlardan 1 000 manatdan 9 000 manatadək pul alındığı müəyyənləşdirilib.
Əməliyyat zamanı Şükufə Mirzəyevanın yaşadığı mənzildə axtarış aparılıb. Oradan MİDA-nın adından hazırlanmış 472 saxta güzəştli mənzil alqı-satqısı və ipoteka müqaviləsi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb. Hər iki şəxs təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda onların qanunsuz əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyənləşdirilməsi, dəymiş ziyanın məbləğinin hesablanması və işin bütün hallarının araşdırılması istiqamətində tədbirlər davam etdirilir.
DİN və MİDA vətəndaşlara güzəştli mənzillərin alınması zamanı yalnız rəsmi elektron xidmətlərdən istifadə etməyi tövsiyə edib. Qurumlar növbədənkənar mənzil əldə etmək və ya prosesə kənardan müdaxilə etməklə üstünlük qazanmaq barədə vədlərə inanmamağa çağırıb.
