Sabunçu rayonunun Maştağa qəsəbəsində magistral yeraltı neft kəmərində baş verən yanğının səbəbi müəyyənləşdirilib.
Hadisə sentyabrın 2-də gecə saatlarında Savalan yaşayış massivinin yaxınlığında qeydə alınıb. Yanğın söndürüldükdən sonra əraziyə baxış keçirilərkən neft kəmərinə qanunsuz müdaxilə etmək üçün əlavə avadanlıqların quraşdırıldığı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində neft kəmərindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov saxlanılıblar.
Araşdırma zamanı yanğının da məhz həmin şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi nəticəsində baş verdiyi müəyyən edilib.
Faktla bağlı araşdırma davam etdirilir.
