Azərbaycanda gündəlik 20 min manat və daha çox məbləğdə kartdan-karta pul köçürmələri şübhəli əməliyyat kimi qiymətləndirilə bilər.
Xəbəraxını, “Report”a istinadən xəbər verir ki,Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadə qurumun yarımillik “Maliyyə Sabitliyi Hesabatı”na həsr olunan mətbuat konfransında bildirib ki, şəxslərin hər gün müxtəlif kartlardan bu həcmdə vəsait qəbul etməsi adi hal hesab olunmur. Belə əməliyyatların səbəblərinin araşdırılması vergidən yayınma və qumar oyunları ilə əlaqəli fəaliyyət kimi risklərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.
AMB rəsmisi vurğulayıb ki, eyni yanaşma pul göndərilməsi əməliyyatlarına da tətbiq edilir.
Onun sözlərinə görə, köçürmələr zamanı müəyyən edilmiş limit aşıldıqda müştəri banka müraciət edərək əməliyyatın mahiyyətini izah edə bilər. Bank araşdırma apardıqdan sonra əməliyyatın qumar oyunları və ya digər şübhəli fəaliyyətlə əlaqəli olmadığı qənaətinə gələrsə, köçürmənin həyata keçirilməsinə icazə verilə bilər.
Şahin Mahmudzadə qeyd edib ki, məqsəd pul köçürmələrinə əsassız məhdudiyyətlər qoymaq deyil, mümkün riskləri müəyyənləşdirməkdir. O bildirib ki, tətbiq olunan limitlərin cəmiyyət üçün faydası və onların hansı risklərin qarşısını aldığı təhlil edilməlidir.
