Bu axşam Bakıdan Ermənistanın paytaxtı İrəvana təyyarə reysinin həyata keçiriləcəyi bildirilir. Söhbət Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsindən gedir.
Xəbəraxını xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Flightradar24” platformasının məlumatlarına əsasən, sözügedən təyyarə ötən gün Tacikistanın paytaxtı Düşənbədən Bakıya gəlib.
Ermənistan mediasının yazdığına görə, Tacikistan Prezidenti və bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya səfər ediblər. Bununla belə, məlum təyyarənin Tacikistan Prezidentinə xidmət göstərmədiyi qeyd olunur.
Məlumatda, həmçinin Ermənistanın COP17 çərçivəsində keçiriləcək liderlər sammiti ilə əlaqədar rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşdığı bildirilir.
