“Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” sənədinə dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, şagirdlər üçün müəyyənləşdirilmiş məktəbli geyim formasının vahidliyini pozan, həmçinin ümumi təhsilin dünyəvilik prinsipinə uyğun gəlməyən digər geyim elementlərindən istifadə olunmasına icazə verilmir.
Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı keçirilən tədbirlər zamanı isə məktəbin Pedaqoji Şurasının qərarı ilə milli geyimlərdən və ya onların ayrı-ayrı elementlərindən istifadə edilə bilər.
Valideynlər və digər qanuni nümayəndələr övladlarının, eləcə də qəyyumluğunda və ya himayəsində olan şəxslərin geyim forması ilə bağlı müəyyən edilmiş tələblərə əməl etməsini təmin etməlidirlər.
Şagirdlərin sənəddə nəzərdə tutulan tələblərə riayət etməsi ilə bağlı məsələlər məktəbin Pedaqoji Şurası tərəfindən həll olunacaq.
Qərar qəbul edildiyi tarixdən etibarən beş iş günü ərzində məktəbin rəsmi internet səhifəsində və ya məlumat lövhəsində yerləşdirilməlidir.
