İsrailin Bar-İlan Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) səfərdə olub.
AzTU-dan bildirilib ki, universitet-sənaye əlaqələri üzrə vitse-prezident, professor Zeev Zalevskinin rəhbərlik etdiyi nümayəndə heyəti iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq çərçivəsində Azərbaycana gəlib.
AzTU-nun rektoru professor Vilayət Vəliyev ilə görüşdə universitetdə tədris, elmi-tədqiqat və innovasiya istiqamətlərində görülən işlər, həyata keçirilən islahatlar barədə məlumat verilib. Tərəflər, həmçinin birgə ikili diplom proqramının və elmi əməkdaşlığın mövcud vəziyyətini müzakirə ediblər.
Zeev Zalevski iki universitet arasındakı əlaqələrin inkişafını müsbət qiymətləndirib. O, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin və sənayenin ehtiyaclarına uyğun mütəxəssis hazırlığının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı sənaye sahələrində mövcud problemlərin həllinə yönəlmiş tədqiqatların aparılması, birgə kadr hazırlığı layihələrinin reallaşdırılması və sənaye müəssisələrinin bu prosesə daha fəal cəlb olunması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər birgə tədris və tədqiqat fəaliyyətlərinin gələcəkdə daha da genişləndirilməsi barədə müzakirələr keçiriblər.
