Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin Baş katibinin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.
Xəbəraxını xəbər verir ki, bu barədə AZƏRTAC-a istinadən məlumat yayıb.
Görüş zamanı Azərbaycanla BMT-nin müxtəlif qurumları arasında mövcud əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyi vurğulanıb. Tərəflər, xüsusilə Azərbaycanın BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi ilə əlaqələrini və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Söhbət əsnasında Azərbaycanın terrorçuluğa qarşı mübarizəyə beynəlxalq səviyyədə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Görüşdə, həmçinin Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunulub. Forumun qlobal gündəmdə olan aktual məsələlərin müzakirəsi üçün mühüm platforma olduğu qeyd edilib, tədbirin nüfuzunun ildən-ilə artdığı bildirilib.
