Prezident İlham Əliyev Ermənistanın işğal siyasətinin uzun illər ərzində beynəlxalq dairələr tərəfindən ört-basdır edilməyə çalışıldığını bildirib.
Dövlət başçısı bu barədə Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşü zamanı danışıb.
Onun sözlərinə görə, Ermənistanın arxasında dayanan böyük dövlətlər, xüsusilə Minsk qrupunun həmsədr ölkələri baş verənləri gizlətməyə çalışıblar. İlham Əliyev qeyd edib ki, Ermənistan işğal altında saxladığı ərazilərə heç bir xarici müşahidəçinin daxil olmasına imkan verməyib.
Prezident bildirib ki, beynəlxalq təşkilatlar da bu məsələyə münasibətdə susqun mövqe nümayiş etdiriblər.
“Birləşmiş Millətlər Təşkilatı, – hansı ki, Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdi ki, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələri çıxarılmalıdır, – səssiz qalıb, ATƏT səssiz qalıb. Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib. Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir”, – deyə dövlət başçısı vurğulayıb.
