Naxçıvan Muxtar Respublikasında azyaşlı qıza qarşı cinsi xarakterli cinayət törətməkdə təqsirləndirilən tələbə barəsində hökm çıxarılıb.
Məlumata görə, hadisə Naxçıvan şəhərində baş verib. Şəhərdəki təhsil müəssisələrindən birində tələbə olan, 2005-ci il təvəllüdlü Əli Cəbrayılov 2025-ci ildə 2010-cu il təvəllüdlü qızla tanış olub və onunla münasibət qurub.
Bir müddət sonra Ə. Cəbrayılov qızı kirayə yaşadığı evə aparıb. Bundan sonra qız evinə qayıtmayıb və tələbə ilə birlikdə yaşamağa başlayıb.
Bir neçə gün sonra qızın valideynləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Barəsində axtarış elan olunduğunu öyrənən qız bu barədə Ə. Cəbrayılova məlumat verib. Bundan sonra onlar Naxçıvanı tərk etmək qərarına gəlib və Naxçıvan-Bakı reysinə bilet alıblar.
Lakin cütlük Naxçıvandan ayrıla bilməyib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hər iki şəxs Naxçıvan Hava Limanında saxlanılıb. Qız ailəsinə təhvil verilib, Ə. Cəbrayılov isə saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib.
Naxçıvan Şəhər Məhkəməsində keçirilən prosesdə Ə. Cəbrayılov 1 il müddətinə azadlıqdan məhrum edilib.
