“Muhteşem Yüzyıl” serialında canlandırdığı Hürrəm Sultan obrazı ilə dünya şöhrəti qazanan türkiyəli aktrisa Məryəm Uzerli ilk dəfə Bakıya gələcək. Məşhur aktrisanın Azərbaycana səfərinin səbəbi də məlum olub.
Xəbəraxını xəbər verir ki, Uzerli baş rollardan birini ifa etdiyi “İmrozda Bahar” filminin Bakı premyerasında iştirak edəcək. Təqdimat noyabrın 4-də keçiriləcək.
Rejissor Özcan Alperin ekranlaşdırdığı film Türkiyənin tarixi adı İmroz olan Gökçeada bölgəsində baş verən romantik hadisələrdən bəhs edir.
Məryəm Uzerli filmdə hansı obrazı canlandırır?
Filmin süjeti yaradıcılıq böhranı yaşayan yazıçı Arifin hekayəsi üzərində qurulub. Halit Ergençin canlandırdığı qəhrəman yenidən ilham tapmaq ümidi ilə adaya yollanır.
Burada o, üç il əvvəl həyat yoldaşını və oğlunu itirmiş Sonya ilə tanış olur. Məryəm Uzerlinin canlandırdığı Sonya ilə Arif arasında zamanla yaxınlıq yaranır. Bu münasibət hər ikisinə keçmişin ağrıları ilə üzləşmək və həyata yenidən başlamaq barədə düşünmək imkanı verir.
Bakı premyerasında iştirak edəcək Məryəm Uzerlinin səfəri onun azərbaycanlı pərəstişkarları üçün də maraqlı hadisə olacaq.
