İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının şərqində qadağan olunmuş ərazidə yanğın baş verən daha bir tankeri aşkarladığını açıqlayıb.
Xəbəraxını xəbər verir ki, İran HDQ-nin məlumatına görə, müşahidə qrupları bir neçə saat əvvəl Hörmüz boğazının şərqində patrul və nəzarət tədbirləri həyata keçirərkən qaydaları pozan tanker müəyyən ediblər.
İran ordusu bildirib ki, tanker izləmə sistemlərini söndürərək Oman dənizindəki qadağan olunmuş ərazidən keçməyə cəhd göstərib.
Açıqlamada, həmçinin xatırladılıb ki, ötən gün də izləmə sistemlərini söndürən başqa bir tankerdə yanğın baş verib.
Hadisələrin səbəbləri, tankerlərin kimə məxsus olduğu və mümkün zərər barədə əlavə məlumat açıqlanmayıb.
