Green Card gözləyənlərə pis xəbər: Məhkəmə qeydiyyat qərarını dayandırdı

Green Card gözləyənlərə pis xəbər: Məhkəmə qeydiyyat qərarını dayandırdı

ABŞ-də DV-2027 “Green Card” lotereyası üzrə qeydiyyatın başlanma tarixi hələ də açıqlanmayıb. Üstəlik, oktyabrın 29-da apellyasiya məhkəməsi Dövlət Departamentini qeydiyyat tarixlərini elan etməyə məcbur edən əvvəlki qərarın icrasını dayandırıb.

Xəbəraxını xəbər verir ki, “San Francisco Chronicle” nəşrinin yaydığı məlumata görə, ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi Kaliforniyanın cənub dairəsi üzrə aşağı instansiya məhkəməsinin qərarını dondurub.

Həmin qərar Dövlət Departamentinə immiqrasiya lotereyasını bərpa etmək və qeydiyyat tarixlərini açıqlamaq barədə göstəriş verirdi. Apellyasiya məhkəməsi isə ABŞ Prezidenti Donald Tramp administrasiyasının vəsatətini təmin edərək, şikayətə baxılan müddətdə qərarın icrasını dayandırıb.

Məhkəmə “Green Card” lotereyasının dayandırılmasını dəstəkləyirmi?

Məlumata əsasən, “Red Eagle Law” hüquq şirkəti lotereyanın faktiki olaraq dayandırılmasına görə ABŞ administrasiyasına qarşı iddia qaldırıb. Lakin apellyasiya məhkəməsi şirkətin bu məsələ ilə bağlı iddia qaldırmaq üçün hüquqi əsaslarının olmadığını bildirib. Qərarda proqramın hüquq şirkətlərinin gəlir əldə etməsi üçün deyil, immiqrasiyanı təşviq etmək məqsədilə yaradıldığı vurğulanıb.

Bununla belə, məhkəmə Dövlət Departamentinin qeydiyyatı açmamasını müsbət qiymətləndirmədiyini də qeyd edib.

Xatırladaq ki, oktyabrın ortalarında Kaliforniyanın cənub dairəsi üzrə məhkəmə “Red Eagle Law” şirkətinin müraciətini təmin etmişdi. Qərara əsasən, Dövlət Departamenti qeydiyyat tarixlərini oktyabrın 29-dək elan etməli, müraciətlərin qəbuluna isə noyabrın 1-dək başlamalı idi.

Lakin oktyabrın 30-na olan məlumata görə, qurum DV-2027 proqramının keçirilməsi və qeydiyyat müddətləri ilə bağlı yeni məlumat açıqlamayıb.

Lotereya niyə dayandırılmışdı?

Məlumatda bildirilir ki, Ağ Ev 2025-ci ilin dekabrında Providens şəhərindəki Braun Universitetində baş verən atışmadan sonra “Green Card” lotereyasının dayandırılması barədə qərar verib. İnsidenti törədən şəxsin ABŞ-yə məhz bu proqram çərçivəsində verilən viza ilə gəldiyi məlum olub.

Qeyd edək ki, rəsmi adı “United States Permanent Resident Card” olan “Green Card” ABŞ vətəndaşı olmayan şəxslərə ölkədə daimi yaşamaq və işləmək hüququ verən sənəddir. Müxtəlif ölkələrdən olan şəxslər bu statusu əldə etmək üçün hər il keçirilən immiqrasiya lotereyasında iştirak edə bilirlər. Proqram çərçivəsində ABŞ tərəfindən ildə 55 minədək viza verilə bilər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir