Gəncə Regional Kollecində korrupsiya işi üzrə məhkəmə başladı – 4 nəfər mühakimə olunur

Gəncə Regional Kollecində korrupsiya işi üzrə məhkəmə başladı – 4 nəfər mühakimə olunur

Xəbəraxını “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Regional Kollecin korrupsiya ittihamı ilə təqsirləndirilən keçmiş rəhbərləri və iki əməkdaşının məhkəməsi başlayıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda iş üzrə dörd nəfərin – sabiq direktorlar Fəxrəddin Zeynalov və İlqar Kubışov, eləcə də əməkdaşlar Gülnar Bağırzadə və Məlahət Əsgərovanın məhkəməsi aparılıb. Təqsirləndirilən şəxslərin dördü də istintaq müddətində azadlıqda olublar və məhkəmə dövründə də sərbəst mühakimə edilmələrinə qərar verilib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub, cinayət işi məhkəmə baxışına verilib.

İttihama görə, təqsirləndirilən şəxslər 360 min manatdan çox dövlət vəsaitini mənimsəməkdə təqsirləndirilirlər. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı vəsaitlərin əsasən kənar şəxslərin adına əməkhaqqı hesablanması və kollecdə tikinti işlərinin aparılması adı altında mənimsənildiyi müəyyənləşdirilib.

Məhkəməyə qədər dövlətə dəymiş ziyanın 100 min manatı ödənilib.

Fəxrəddin Zeynalov, İlqar Kubışov və digər təqsirləndirilən şəxslərə vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ilə bağlı yekun ittiham irəli sürülüb. Bu maddələr üzrə təqsirli bilinən şəxslər 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Dəymiş ziyanın ödənilməsi isə cəzanın müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alına bilər.

Qeyd edək ki, Gəncə Dövlət Regional Kollecinə 2023-cü ilədək Fəxrəddin Həsənov rəhbərlik edib. O, təqaüdə çıxdıqdan sonra vəzifəyə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İlqar Kubışov təyin olunub. Kubışov isə təxminən bir il sonra vəzifəsindən azad edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir