Xəbəraxını xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin edib.
1 noyabr 2026-cı ildən marşrut üzrə gündəlik reyslərin sayı 4-ə çatdırılacaq. Bununla sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksələcək. Əlavə reyslərdə standart sinif üzrə biletlərin qiyməti 36 manatdan başlayacaq.
Bir istiqamət üzrə minimum gediş haqqı Bakıdan Tbilisiyə 54 manat, Yevlaxdan 44 manat, Gəncədən 41 manat, Ağstafadan 38 manat, Böyük Kəsikdən isə 36 manat olacaq. Müqayisə üçün, hazırda “Stadler” vaqonlarında Bakı–Tbilisi istiqamətində komfort sinif üzrə minimum qiymət 77,50 manat təşkil edir.
Əlavə reys üzrə qatar Bakıdan hər gün saat 09:10-da yola düşərək 19:11-də Tbilisiyə çatacaq. Tbilisidən isə saat 22:00-da çıxaraq növbəti gün 07:57-də Bakıya çatacaq. Hazırkı gecə reysi Bakıdan 23:00-da, Tbilisidən isə 11:00-da hərəkət edir.
Əlavə reyslərə biletlərin satışı oktyabrın 2-dən başlayacaq.
ADY onlayn bilet satışı ilə bağlı yeni qaydalar da tətbiq edib. Sayt və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşları şəxsi kabinetlərini “MyGov ID” vasitəsilə verifikasiya etməlidirlər. Xarici vətəndaşlar isə telefon nömrələrini SMS-lə göndərilən OTP kodu ilə təsdiqləməlidirlər.
Əlavə reyslərin istifadəyə verilməsi Azərbaycan və Gürcüstan tərəflərinin texniki və təşkilati hazırlıq işlərini başa çatdırmasından sonra mümkün olub.
