FHN-dən hava xəbərdarlığı

FHN-dən hava xəbərdarlığı

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə bəzi ərazilərdə intensiv yağış, güclü külək və şimşək müşahidə olunacaq. Bir sıra dağ çaylarından qısamüddətli sel keçəcəyi də proqnozlaşdırılır.

Nazirlik intensiv yağıntılar zamanı sel, daşqın və subasma təhlükəsi olan ərazilərdən uzaq durmağı tövsiyə edib. Belə təhlükə ilə qarşılaşan şəxslərin dərhal yaxınlıqdakı yüksək əraziyə qalxması və xilasedicilərin göstərişlərinə əməl etməsi vacibdir.

Güclü külək zamanı isə yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Kiçikhəcmli gəmilərin istifadəçilərinə də belə hava şəraitində dənizə çıxmamaqla bağlı xəbərdarlıq edilib.

FHN ildırım çaxarkən elektrik cihazlarının şəbəkədən ayrılmasını, telefonla danışmamağı, açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalardan uzaq dayanmağı tövsiyə edir. Hündür ağacların altında daldalanmaq da təhlükəlidir.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırımın keçməsini gözləmək tövsiyə olunub.

Nazirlik bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Təhlükə zamanı “112” qaynar xəttinə zəng etmək lazımdır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir