Elektron köçürmə qaydasında dəyişiklik edilib

Elektron köçürmə qaydasında dəyişiklik edilib

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasına dəyişiklik edib.

Xəbəraxını MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən məlumat yayıb.

Yeni qaydalara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektron köçürmələr üzrə əvvəl tətbiq olunan bir təqvim ili ərzində 20 min manatlıq kumulyativ hədd ləğv edilib.

Bundan sonra bir elektron köçürmənin məbləği 20 min manat və ya onun ekvivalentində xarici valyutaya bərabər və ya daha yüksək olduqda, həmin əməliyyat barədə MMX-yə məlumat təqdim ediləcək.

Bununla yanaşı, fərdi sahibkarlar istisna olmaqla, fiziki şəxslərin bir təqvim ayı ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 50 min manatı keçdikdən sonra həmin ay ərzində həyata keçirilən hər növbəti elektron köçürmə barədə də MMX-yə məlumat veriləcək.

Beləliklə, əvvəlki qaydada nəzərdə tutulan illik 20 min manatlıq mexanizm aylıq 50 min manatlıq hədlə əvəzlənib. Eyni zamanda, məbləği 20 min manat və ya daha çox olan ayrı-ayrı elektron köçürmələr ayrıca hesabat predmeti olaraq qalır.

Qərarla dəyişikliklərin qüvvəyə minmə tarixi də yenilənib. Əvvəllər 1 oktyabr 2026-cı ildən tətbiqi nəzərdə tutulan yeni qaydalar 1 yanvar 2027-ci ildən qüvvəyə minəcək.

Qeyd edək ki, əvvəlki qaydaya əsasən, müştərinin bir təqvim ili ərzində həyata keçirdiyi elektron köçürmələrin ümumi məbləği 20 min manata çatdıqdan sonra həmin müştərinin hər növbəti elektron köçürməsi barədə məlumatların MMX-yə təqdim edilməsi nəzərdə tutulurdu. Bu mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir