Səbail rayonunda ilkin mərhələdə təxminən 15-20 binanın sökülməsi nəzərdə tutulur.
Xəbəraxını “Baku.ws”ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, Yüzbəy Mürsəlov, Qurban Abbasov və Salman Mümtaz küçələri, 20-ci sahə, Xanlar küçəsi, eləcə də Badamdar qəsəbəsində yerləşən bəzi yataqxana tipli binaların sökülməsi planlaşdırılır.
Vüqar Oruc bildirib ki, söhbət əsasən istismar müddəti başa çatmış və ilkin mərhələdə sökülməsi nəzərdə tutulan tikililərdən gedir. Hazırda həmin binaların bir hissəsində inventarizasiya işləri aparılıb, bəzi ərazilərdə isə qiymətləndirmə prosesi həyata keçirilib.
AQC sədrinin sözlərinə görə, adətən belə hallarda qiymətləndirmə işlərinin aparılması üçün satınalma keçirilir və müsabiqənin qalibi olan şirkət tərəfindən əmlakların dəyəri müəyyənləşdirilir.
O qeyd edib ki, kompensasiya məbləği qiymətləndirici şirkət tərəfindən ərazidəki mövcud bazar qiymətləri nəzərə alınmaqla hesablanır. Bu zaman əsas meyarlardan biri mənzilin bir kvadratmetrinin bazar dəyəridir.
Hazırda sözügedən ərazilərdə qiymətləndirmədən keçmiş bəzi mənzillər üzrə kompensasiya məbləğinin 1 500-2 200 manat aralığında müəyyənləşdirildiyi hallar mövcuddur.
Bununla belə, kompensasiya məbləğinin bütün binalar və mənzillər üçün eyni olmayacağı bildirilib. Söküntü ilə bağlı hər bir qərardan əvvəl konkret ərazi üzrə qiymətləndirmə aparılır və kompensasiyanın məbləği həmin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilir. Bəzi hallarda kompensasiya məbləği qeyd olunan rəqəmlərdən daha yüksək də ola bilər.
Vüqar Oruc əlavə edib ki, söküntü prosesinin həm investor, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, investor tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası planlaşdırılır. Dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.
AQC sədri bildirib ki, investor hesabına həyata keçirilən layihələrdə kompensasiya məbləğinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə şirkətinə müraciət edilə bilər. Eyni zamanda, investorla sakinlər arasında birbaşa danışıqlar aparılaraq kompensasiyanın məbləği də razılaşdırıla bilər.
