Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan gərginlik və xaricdən müdaxilə cəhdləri müzakirə mövzusuna çevrilib. Milli Məclisin deputatı Ceyhun Məmmədov baş verən hadisələrin siyasiləşdirilməsinə cəhd göstərildiyini bildirib.
Xəbəraxını xəbər verir ki, deputat bu barədə Baku TV-nin “Aktual gündəm” verilişində çıxışı zamanı sosial şəbəkələr vasitəsilə insanları qarşıdurmaya sövq edən çağırışların edildiyini deyib. Onun iddiasına görə, İrandakı bəzi dairələr Azərbaycanda baş verən proseslərə müdaxilə etməyə çalışır.
Ceyhun Məmmədov ölkəyə qarşı xaricdən informasiya təxribatlarının aparıldığını da vurğulayıb. O, vətəndaşları təmkinli olmağa, təxribatlara uymamağa və ölkədə sabitliyin qorunmasına çağırıb.
“Bütün vətəndaşlarımız təmkinli, səbirli olmalıdır. Hamı təxribatdan qaçmalıdır. Dövlətimiz nə lazımdırsa, edir, edəcək”, – deyə deputat bildirib.
