Çinin Fucien əyalətində “Saudel” tayfununun səbəb olduğu leysan yağışları ciddi fəsadlara yol açıb.
Təbii fəlakət səbəbindən sahilboyu yaşayış məntəqələrində və riskli ərazilərdə yaşayan 600 min nəfər təxliyə edilib.
Məlumata görə, əyalətdə tayfunla əlaqədar 4-cü səviyyəli fövqəladə hazırlıq rejimi qüvvədə saxlanılıb. Daşqınlara nəzarət üzrə isə 3-cü səviyyəli fövqəladə hazırlıq xəbərdarlığı elan olunub.
İlin 18-ci tayfunu olan “Saudel” sentyabrın 4-də üçüncü dəfə Fucien əyalətinin Cancou şəhəri yaxınlığına çatıb. Qasırğa güclü külək və leysan yağışları ilə müşayiət olunub.
Fəlakətdən ən çox zərər çəkən ərazilərdə xilasetmə, fəsadların aradan qaldırılması və bərpa işlərinin aparılması üçün 210 milyon yuan (təxminən 31 milyon ABŞ dolları) vəsait ayrılıb.
Tayfun qonşu Ciansi əyalətində də ciddi təsirlərə səbəb olub. Burada 53 rayonda təxminən 123 min sakinə zərər dəyib, 8 700 nəfər təxliyə olunub.
Əyalətdə baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, 11 nəfər isə dağıntı və sel axınının altında qalıb.
