Azərbaycanda hərbi hissəni özbaşına tərk edən və ya xidmət yerinə üzrlü səbəb olmadan gecikən hərbçilər üçün məsuliyyətin dəyişdirilməsi təklif olunur. Yeni layihəyə əsasən, belə pozuntulara görə 500 manatadək cərimə və inzibati həbs tətbiq edilə bilər.
Xəbəraxını xəbər verir ki, məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliklər zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara şamil ediləcək.
İlk pozuntuya görə 300 manatadək cərimə
Layihəyə əsasən, hərbi qulluqçunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, yaxud üzrlü səbəb olmadan xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə baş verdikdə, 200 manatdan 300 manatadək cərimə tətbiq edilə bilər.
Bununla yanaşı, işin halları və pozuntu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla, 15 günədək inzibati həbs də nəzərdə tutulur.
Hazırda qüvvədə olan qanunvericiliyə görə, bu əməllər üç gündən artıq, lakin 10 gündən çox olmayan müddətdə törədildikdə 20 günədək inzibati həbs tətbiq edilirdi.
Pozuntu təkrarlanarsa, cərimə 500 manata çatacaq
Dəyişiklik layihəsində eyni əməlin inzibati tənbeh haqqında qərar qüvvəyə mindikdən sonra bir il ərzində təkrar törədilməsinə görə də cəza müəyyənləşdirilib.
Belə hallarda 300 manatdan 500 manatadək cərimə tətbiq edilə bilər. Alternativ olaraq, işin halları və şəxsin xüsusiyyətləri nəzərə alınmaqla, 10 gündən bir ayadək inzibati həbs nəzərdə tutulur.
Qüvvədə olan qanunvericiliyə əsasən, təkrar pozuntuya görə 15 gündən bir ayadək inzibati həbs tətbiq edilir.
Layihədə qeyd olunur ki, hərbi qulluqçunun bir gündən artıq müddətdə hərbi hissədə və ya xidmət yerində olmaması inzibati məsuliyyətə səbəb olacaq. Cərimənin alternativ cəza kimi müəyyənləşdirilməsi və bəzi hallarda həbs müddətinin azaldılması təklif olunan dəyişikliklərin müsbət tərəfi kimi qiymətləndirilir.
Qeyd edək ki, sözügedən müddəalar hələ qanun layihəsində nəzərdə tutulan təkliflərdir. Onların qüvvəyə minməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilməsi tələb olunur.
