Bu gün, oktyabrın 20-də Azərbaycanda Zəngilan Şəhəri Günü qeyd olunur. Şəhərin Ermənistanın işğalından azad edilməsindən 6 il ötür.
Xəbəraxını xəbər verir ki, Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də, 44 günlük Vətən müharibəsinin 24-cü günündə Azərbaycan Ordusunun əməliyyatları nəticəsində işğaldan azad edilib. Həmin gün şəhərlə yanaşı, rayonun bir sıra kəndləri də azadlığına qovuşub.
Zəngilanın azad olunması xəbərini Prezident İlham Əliyev xalqa müraciəti zamanı açıqlayıb. Dövlət başçısı çıxışında Zəngilan şəhərinin və bir neçə kəndin adını çəkərək “Zəngilan bizimdir! Qarabağ bizimdir!” bəyanatını səsləndirib.
Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da işğal edilmiş, uzun illər ərzində əhalisi doğma yurdlarından məcburi köçkün düşmüşdü. İşğal dövründə rayonun yaşayış məntəqələrinə, tarixi və mədəni irsinə ciddi ziyan dəymişdi.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi təsis edilib. Həmin tarix işğaldan azad edilmiş şəhərlərin günlərinin hər il qeyd olunmasını nəzərdə tutan sərəncama əsasən müəyyənləşdirilib.
Hazırda Zəngilan rayonunda bərpa və quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı həyata keçirilir. Rayonun Ağalı kəndində başlayan Böyük Qayıdış prosesi bölgənin yenidən məskunlaşması baxımından mühüm mərhələ hesab olunur.
